ADA Universiteti (ADA) abituriyentləri və valideynləri “Açıq Qapı” günlərinə dəvət edir!


09.07.2014
2014-2015-ci tədris ili üçün ADA aşağıda adları qeyd olunmuş bakalavr proqramlarını təklif edir.

I ixtisas qrupu üzrə:
- Kompüterelmləri
- İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi

II ixtisas qrupu üzrə:
- Beynəlxalq münasibətlər
- İqtisadiyyat
- Biznes inidarə edilməsi

III ixtisas qrupu üzrə:
- Dövlət və ictimai münasibətlər

ADA-da “Açıq Qapı” günləri
Vaxt
Tarix
İxtisas qrupu
11:00-12:30
14, 15 iyul
I qrup üzrə
11:00-12:30
21, 22 iyul
II, III qrup üzrə
 “Açıq Qapı” günlərinin iştirakçıları bakalavr proqramları, təhsil sistemi və tələbə həyatı haqqında ətraflı məlumat almaqla yanaşı, ADA-da çalışan professor heyətinə maraqlandıran suallarını ünvanlaya biləcəklər. Məlumat sessiyasından sonra isə iştirakçılar ADA-nın Kampusu ilə tanış olacaqlar.
ADA-ya gələrkən şəxsiyyət vəsiqəsını təqdim etmək mütləqdir.

Əlaqə məlumatları: telefon: 012 437 08 30; 012 437 32 35

e-mail: bachelors@ada.edu.az

Bakı şəhəri üzrə ümumtəhsil məktəblərində çalışan müəllimlərin sınaq qiymətləndirilməsində ümumilikdə 357 məktəbin 28825 müəllimi iştirak edib. Bu da Bakı şəhər məktəblərində çalışan müəllimlərin 96 faizini təşkil edir.



Sınaq qiymətləndirilmənin nəticələri ilə bağlı təhlillər aparılıb və yekun rəy bütövlükdə qənaətbəxş hesab olunub. Sınaq qiymətləndirilmənin nəticələri müəllimlərin hansı siniflərdə dərs deyə bilmək imkanları, dərs saatlarının optimal bölüşdürülməsi, yeni tədris texnologiyalarından istifadə səviyyəsi, üfüqi ünsiyyət qura bilmək səriştəsi ilə bağlı ətraflı məlumat bazasını əks etdirir.
Sınaq qiymətləndirilmədə iştirak edən müəllimlərin 14,4 faiz zəif, 85,6 faizi isə qənaətbəxş nəticə göstərib. Bunlardan 18,2 faizi yüksək nəticə göstərmiş müəllimlərdir.
Coğrafiya və riyaziyyat müəllimləri nisbətən yüksək, Azərbaycan dili və ədəbiyyat, kimya müəllimləri isə nisbətən zəif nəticə göstəriblər.
Ümumilikdə, zəif nəticə göstərən müəllimlərin gələcəkdə təşkil ediləcək ixtisasartırma kurslarında, pilot və digər inkişafyönümlü layihələrdə, öyrədici təlimlərdə iştirakı nəticələrin keyfiyyətcə dəyişməsi üçün imkanlar yaradılacaq.

Ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcəkdir.




Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, peşəkar bilik və kompetensiyalara malik müəllim və təhsil menecerlərinin hazırlanmasına, eləcə də müəllim peşəsinin nüfuzunun artırılmasına xidmət edən islahatyönümlü tədbirlər davam etdirilir.
Təhsil Nazirliyi tərəfindən bu sahədə ötən bir il ərzində əhəmiyyətli qərarlar qəbul olunub.
2014-2015-ci tədris ili üzrə pedaqoji ixtisaslar üzrə tələbə qəbulu planında bir sıra mühüm yeniliklər tətbiq edilib. Bir sıra ali təhsil müəssisəsi və ali məktəb filiallarına pedaqoji ixtisaslar üzrə, kolleclərə “ibtidai sinif müəllimliyi” və “informatika müəllimliyi” ixtisaslarına qəbul dayandırılıb.
Kolleclərdə  “məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə qəbul yerləri əvvəlki tədris ilinə nisbətən 38 faiz az planlaşdırılıb.
İlk dəfə olaraq Bakı şəhərindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi keçirilib.
Pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrində tədris proqramlarının məzmununa yenidən baxılması nəzərdə tutulub.
Müəllimlərin yerdəyişməsi və mərkəzləşdirilmiş qaydada işə qəbulu  elektron mexanizmlər əsasında  müsabiqə yolu ilə həyata keçirilir.
Ucqar yaşayış məntəqələrində çalışan gənc müəllimlərin əməyinin stimullaşdırılması üçün əlavə tədbirlər planı hazırlanır.
Növbəti tədris ilindən müəllimlərin praktik təcrübəsi ilə bağlı da yenilik tətbiq olunacaqdır. Belə ki, müəllim hazırlığı prosesində təcrübə müddətinin uzadılması nəzərdə tutulur. Bu məqsədlə məktəblərdə gələcək müəllimlər üçün təcrübə saatları artırılacaqdır.
Yeni tədris ilindən müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma proqramları həyata keçiriləcəkdir. Belə ki, bu ixtisasları öz arzusu ilə seçən və yüksək balla qəbul olunan gənclərə xüsusi imtiyazlar tətbiq ediləcəkdir. Ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcəkdir. Əğər bu cür tələbələrin sayı 300 nəfərdən az olarsa, o halda ixtisas seçimində müəllimlik ixtisasını ikinci yerdə qeyd edən tələbələrin arasında seçim ediləcəkdir.


Ümumi orta təhsil bazasında (9 illik ) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanının nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-da ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirmişdir.

İmtahanın nəticələri iyun ayının 30-da saat 18:30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilmişdir. Abituriyentlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 14925 abituriyentdən 1249 nəfəri imtahana gəlməmişdir. 22 abituriyent imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilmiş və nəticələri ləğv olunmuşdur. Abituriyentlərdən 9288 nəfəri müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılmışdır. 2 abituriyent ən yüksək nəticə göstərərək 57 bal toplamışdır.

İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcəkdir. İxtisas seçimində ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Qeyd edək ki, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçmiş cari il məzunlarının bu təhsil pilləsinə (kolleclərə) müsabiqəsi buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq. Əlavə məlumatları “Abituriyent” jurnalının 3-cü sayından və TQDK-nın internet saytından öyrənmək olar.

Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~D7HuO

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə 2014-cü ilin iyun ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2014-cü ilin iyun ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.


Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 6965 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfə çox), Kommutator Xidmətinə isə 3250-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4657 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş 11622 müraciətin 9245-i (müraciətlərin əksəriyyəti sorğu xarakterli olub) dərhal cavablandırılıb və operativ həll edilib. 1037 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1328 sənəd (509 ərizə, 626 məktub, 193 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Vətəndaşların şikayət xarakterli 12 müraciəti isə xüsusi proqram vasitəsilə qeydiyyata alınıb və araşdırılması üçün nazirliyin müvafiq struktur bölmələrinə yönləndirilib.
Daxil olan müraciətlərdə daha çox müəllimlərin yerdəyişməsi, müəllimlərin sınaq qiymətləndirilməsi, təhsil sənədlərinin alınması, diplomların tanınması, ali və ümumi təhsil ilə bağlı məsələlər əksini tapıb.
Qeyd edək ki, ötən ay Telefon Məlumat Mərkəzinə ən çox həftənin bazar ertəsi (2205 zəng) və cümə (1415 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 15:30-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1132 müraciət) və çərşənbə axşamı (1064 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət edilib.