Təhsil xəbərləri


İyunun 28-də təhsil naziri Mikayıl Cabbarov Qəbələ şəhərindəki Mədəniyyət Mərkəzində Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində yarımçıq qalmış təhsil, xaricdə təhsil, təhsil müəssisəsinin tipinin dəyişdirilməsi, fəxri adların verilməsi və digər məsələlərlə əlaqədar müraciət ediblər.
Qəbulda 56 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.




Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirmişdir


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə iyunun 27-də qəbul kampaniyasının gedişinə və buraxılış imtahanlarına həsr olunmuş növbəti həftəlik mətbuat konfransı keçirmişdir.
Konfransda kütləvi informasiya vasitələrinin 50-dək nümayəndəsi iştirak etmişdir.

Məleykə Abbaszadə cari ildə keçirilmiş buraxılış imtahanlarının nəticələri və ötən illərlə müqayisəli təhlili, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qeydiyyatı, ali təhsil müəssisələrinə cari il məzunlarının qəbul imtahanlarına hazırlıq işləri ilə bağlı ətraflı məlumat vermişdir.


Komissiya sədri iyunun 29-da keçiriləcək ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanları, həmçinin həmin gün təkrar və eksternat qaydada imtahan verəcək şagirdlərin buraxılış imtahanlarına dair məlumatları və digər cari tədbirləri mətbuat nümayəndələrinin diqqətinə çatdırmışdır.

M. Abbaszadə sonda KİV nümayəndələrinin suallarını cavablandırmışdır.


Ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcəkdir.


Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, peşəkar bilik və kompetensiyalara malik müəllim və təhsil menecerlərinin hazırlanmasına, eləcə də müəllim peşəsinin nüfuzunun artırılmasına xidmət edən islahatyönümlü tədbirlər davam etdirilir.
Təhsil Nazirliyi tərəfindən bu sahədə ötən bir il ərzində əhəmiyyətli qərarlar qəbul olunub.
2014-2015-ci tədris ili üzrə pedaqoji ixtisaslar üzrə tələbə qəbulu planında bir sıra mühüm yeniliklər tətbiq edilib. Bir sıra ali təhsil müəssisəsi və ali məktəb filiallarına pedaqoji ixtisaslar üzrə, kolleclərə “ibtidai sinif müəllimliyi” və “informatika müəllimliyi” ixtisaslarına qəbul dayandırılıb.
Kolleclərdə  “məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə qəbul yerləri əvvəlki tədris ilinə nisbətən 38 faiz az planlaşdırılıb.
İlk dəfə olaraq Bakı şəhərindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi keçirilib.
Pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrində tədris proqramlarının məzmununa yenidən baxılması nəzərdə tutulub.
Müəllimlərin yerdəyişməsi və mərkəzləşdirilmiş qaydada işə qəbulu  elektron mexanizmlər əsasında  müsabiqə yolu ilə həyata keçirilir.
Ucqar yaşayış məntəqələrində çalışan gənc müəllimlərin əməyinin stimullaşdırılması üçün əlavə tədbirlər planı hazırlanır.
Növbəti tədris ilindən müəllimlərin praktik təcrübəsi ilə bağlı da yenilik tətbiq olunacaqdır. Belə ki, müəllim hazırlığı prosesində təcrübə müddətinin uzadılması nəzərdə tutulur. Bu məqsədlə məktəblərdə gələcək müəllimlər üçün təcrübə saatları artırılacaqdır.
Yeni tədris ilindən müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma proqramları həyata keçiriləcəkdir. Belə ki, bu ixtisasları öz arzusu ilə seçən və yüksək balla qəbul olunan gənclərə xüsusi imtiyazlar tətbiq ediləcəkdir. Ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcəkdir. Əğər bu cür tələbələrin sayı 300 nəfərdən az olarsa, o halda ixtisas seçimində müəllimlik ixtisasını ikinci yerdə qeyd edən tələbələrin arasında seçim ediləcəkdir.

Bakı şəhəri üzrə ümumtəhsil məktəblərində çalışan müəllimlərin sınaq qiymətləndirilməsində ümumilikdə 357 məktəbin 28825 müəllimi iştirak edib. Bu da Bakı şəhər məktəblərində çalışan müəllimlərin 96 faizini təşkil edir.

Sınaq qiymətləndirilmənin nəticələri ilə bağlı təhlillər aparılıb və yekun rəy bütövlükdə qənaətbəxş hesab olunub. Sınaq qiymətləndirilmənin nəticələri müəllimlərin hansı siniflərdə dərs deyə bilmək imkanları, dərs saatlarının optimal bölüşdürülməsi, yeni tədris texnologiyalarından istifadə səviyyəsi, üfüqi ünsiyyət qura bilmək səriştəsi ilə bağlı ətraflı məlumat bazasını əks etdirir.
Sınaq qiymətləndirilmədə iştirak edən müəllimlərin 14,4 faiz zəif, 85,6 faizi isə qənaətbəxş nəticə göstərib. Bunlardan 18,2 faizi yüksək nəticə göstərmiş müəllimlərdir.
Coğrafiya və riyaziyyat müəllimləri nisbətən yüksək, Azərbaycan dili və ədəbiyyat, kimya müəllimləri isə nisbətən zəif nəticə göstəriblər.
Ümumilikdə, zəif nəticə göstərən müəllimlərin gələcəkdə təşkil ediləcək ixtisasartırma kurslarında, pilot və digər inkişafyönümlü layihələrdə, öyrədici təlimlərdə iştirakı nəticələrin keyfiyyətcə dəyişməsi üçün imkanlar yaradılacaq.


ADA Universiteti (ADA) abituriyentləri və valideynləri “Açıq Qapı” günlərinə dəvət edir!

09.07.2014
2014-2015-ci tədris ili üçün ADA aşağıda adları qeyd olunmuş bakalavr proqramlarını təklif edir.

I ixtisas qrupu üzrə:
- Kompüterelmləri
- İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi

II ixtisas qrupu üzrə:
- Beynəlxalq münasibətlər
- İqtisadiyyat
- Biznes inidarə edilməsi

III ixtisas qrupu üzrə:
- Dövlət və ictimai münasibətlər

ADA-da “Açıq Qapı” günləri
Vaxt
Tarix
İxtisas qrupu
11:00-12:30
14, 15 iyul
I qrup üzrə
11:00-12:30
21, 22 iyul
II, III qrup üzrə
 “Açıq Qapı” günlərinin iştirakçıları bakalavr proqramları, təhsil sistemi və tələbə həyatı haqqında ətraflı məlumat almaqla yanaşı, ADA-da çalışan professor heyətinə maraqlandıran suallarını ünvanlaya biləcəklər. Məlumat sessiyasından sonra isə iştirakçılar ADA-nın Kampusu ilə tanış olacaqlar.
ADA-ya gələrkən şəxsiyyət vəsiqəsını təqdim etmək mütləqdir.

Əlaqə məlumatları: telefon: 012 437 08 30; 012 437 32 35

e-mail: bachelors@ada.edu.az

0 yorum:

Yorum Gönder